Tibbi bölmələrimiz
Məlhəm Beynəlxalq Hospitalın Pediatriya Mərkəzi və Yenidoğulmuşların Reanimasiya Şöbəsi xəstəxanamızın açılışından bu günə qədər müvəffəqiyyətlə fəaliyyətini davam etdirir. Mərkəzdə çalışan həkimlərimiz xarici ölkələrdə ali təhsilini tamamlamış , uzun müddət elmi və praktiki fəaliyyətlə məşğul olmuş təcrübəli mütəxəssislərdən ibarətdir.
Mərkəzimiz uşaq təcili yardımı, stasionar xidmətlər, poliklinika və yenidoğulmuşların reanimasiyası bölmələrini birləşdirir və 7/24 xidmət göstərir. Uşaq təcili yardımına müraciət edən hər bir xəstənin vəziyyəti ixtisaslı həkimlərimiz tərəfindən dəyərləndirilir, ilkin yardım edilir və xəstənin vəziyyətindən asılı olaraq ambulator və ya stasionar müalicəyə yönləndirilir.
Stasionar müalicəyə qəbul edilən xəstələr 24 saat müddətində növbətçi pediatr və tibb bacıları tərəfindən daim nəzarətdə saxlanılır. Poliklinika şöbəsi isə həftənin 6 günü fəaliyyət göstərir və burada neonatoloq, uşaq cərrahı, uşaq nevroloqu, uşaq fizioterapisti, uşaq kardioloqu kimi ixtisaslı həkimlər xidmət göstərir.
Yenidoğulmuşlar şöbəsində doğuş və keysəriyyə əməliyyatı ilə dünyaya gəlmiş hər bir körpə neonatal fiziologiya bölməsində diqqətlə izlənilir. Tibb bacıları tərəfindən ilkin baxım tamamlanandan sonra körpələr peyvəndlənir və neonatoloq tərəfindən tibbi müayinədən keçirilir. Körpələr mütəmadi olaraq nəzarətdə saxlanılır və onların inkişafı izlənilir.
Vaxtından əvvəl doğulmuş, aşağı çəki ilə doğulmuş, tənəffüs sıxıntısı, qidalanma problemi, zəif əmmə, sarılıq, digər narahatlıq və şikayətləri olan körpələr, vəziyyətlərinə uyğun olaraq Yenidoğulmuşların Reanimasiya Şöbəsinə köçürülür. Burada beynəlxalq protokollara uyğun müasir müalicə üsulları tətbiq edilir.
Neonatal reanimasiya şöbəsi digər mərkəzlərdə doğulan ağır vəziyyətdəki körpələrin transferini də həyata keçirir. Mərkəzimizdə həmçinin yenidoğulmuşlar üçün daban testi, metabolik və genetik xəstəliklərin skrininq testi, eşitmə testi və digər müayinələr də həyata keçirilir.
