Xəstəliklər və müalicələr
Uşaqlarda sarılıq xəstəliyi xüsusilə yeni doğulan körpələrdə tez-tez rast gəlinən vəziyyətlərdən biridir. Sarılıq zamanı uşağın dərisi və gözlərinin ağı hissəsi sarı rəng alır. Bu hal qanda bilirubin maddəsinin normadan artıq olması nəticəsində yaranır. Bəzi hallarda sarılıq təhlükəsiz olsa da, vaxtında nəzarət edilmədikdə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.
Sarılıq qaraciyərin bilirubini tam şəkildə parçalaya bilməməsi nəticəsində yaranır. Yeni doğulan körpələrdə qaraciyər tam inkişaf etmədiyi üçün bu vəziyyət daha çox müşahidə olunur.
Uşaqda sarılığın əsas əlamətləri dərinin və göz ağının sararması ilə başlayır. Körpədə yuxululuq, halsızlıq, zəif əmmə və iştahsızlıq müşahidə oluna bilər. Bəzi hallarda sidiyin tünd rəng alması, nəcisin açıq rəngdə olması, qızdırma, tez-tez ağlama və narahat davranışlar da sarılığın əlamətləri hesab olunur.
Uşaqlarda sarılıq yeni doğulan körpələrdə qaraciyərin tam inkişaf etməməsi, ana südü sarılığı, qan uyğunsuzluğu, vaxtından əvvəl doğuş, qaraciyər və öd yolları problemləri, eləcə də müxtəlif infeksiyalar səbəbindən yarana bilər.
Əgər sarılıq doğuşdan sonra ilk 24 saat ərzində başlayırsa, körpə yeməkdən imtina edir, çox halsız və reaksiyasız görünürsə, sarılıq sürətlə artırsa və ya yüksək hərarət müşahidə olunursa, bu vəziyyət təhlükəli hesab olunur və dərhal həkimə müraciət edilməlidir.
Sarılığın müalicəsi onun yaranma səbəbindən asılı olaraq dəyişir. Müalicə zamanı əsasən fototerapiya adlanan xüsusi işıq müalicəsi tətbiq olunur, körpənin tez-tez qidalandırılması tövsiyə edilir və ağır hallarda qan dəyişdirilməsi üsulundan istifadə oluna bilər.
Əlaqədar həkimlər
Dr. Gülnar Vəliyeva
Qastroenteroloq
