Xəstəliklər və müalicələr
Parkinson xəstəliyi beyində hərəkətlərin koordinasiyasına cavabdeh olan dopamin istehsal edən sinir hüceyrələrinin tədricən məhv olması nəticəsində yaranır. Dopamin səviyyəsinin azalması hərəkətlərin idarə edilməsində çətinliklərə səbəb olur. Xəstəlik yavaş inkişaf etdiyindən ilkin mərhələdə əlamətlər zəif ifadə oluna bilər. Vaxtında nevroloji müayinə aparılması erkən diaqnoz üçün böyük əhəmiyyət daşıyır.
Parkinson xəstəliyinin simptomları hər bir insanda fərqli şəkildə özünü göstərə bilər. Ən çox müşahidə olunan əlamətlər arasında əllərdə, ayaqlarda və ya çənədə yaranan titrəmə (tremor), hərəkətlərin ləngiməsi (bradikineziya), əzələ sərtliyi, tarazlıq və koordinasiya problemləri yer alır. Xəstələrdə yeriş zamanı kiçik addımlar atmaq, mimikanın azalması, yazının əvvəlkindən daha kiçik və sıx olması, nitqdə zəifləmə kimi dəyişikliklər də müşahidə oluna bilər. Bundan əlavə, yuxu pozğunluqları, depressiya və narahatlıq halları, eləcə də qoxu hissinin zəifləməsi Parkinson xəstəliyinin müşayiət edən simptomları sırasında yer alır.
Bu əlamətlərdən biri və ya bir neçəsi müşahidə edildikdə, vaxt itirmədən nevroloqa müraciət etmək və müvafiq müayinələrdən keçmək tövsiyə olunur.
Parkinson xəstəliyinin diaqnozu əsasən nevroloji müayinə və pasiyentin klinik şikayətləri əsasında müəyyən edilir. Həkim xəstəliyin əlamətlərini, inkişaf mərhələsini və ümumi sağlamlıq vəziyyətini qiymətləndirir. Zərurət yarandıqda MRT, KT və digər görüntüləmə üsullarından istifadə edilə bilər. Bu müayinələr digər nevroloji xəstəliklərin istisna edilməsinə və daha dəqiq diaqnoz qoyulmasına kömək edir.
Parkinson xəstəliyinin müalicəsində əsas məqsəd simptomları nəzarətdə saxlamaq, pasiyentin gündəlik fəaliyyətlərini asanlaşdırmaq və həyat keyfiyyətini artırmaqdır. Müalicə planına dərman terapiyası, fizioterapiya və reabilitasiya proqramları, xüsusi hərəkət məşqləri, nitq terapiyası, psixoloji dəstək, eləcə də qidalanma və həyat tərzində dəyişikliklər daxil edilə bilər.
Bəzi hallarda dərman müalicəsinə kifayət qədər cavab verməyən pasiyentlər üçün cərrahi müalicə üsulları da nəzərdən keçirilə bilər. Müalicə prosesi xəstəliyin mərhələsinə və pasiyentin fərdi ehtiyaclarına uyğun olaraq həkim nəzarəti altında aparılır.
Məlhəm Beynəlxalq Hospitalın fəaliyyət istiqamətlərindən biri olan Bakı Parkinson Mərkəzi, Parkinson xəstələrinin kompleks diaqnostika, müalicə və uzunmüddətli müşahidəsini həyata keçirən ixtisaslaşmış xidmət sahəsidir.Mərkəzdə pasiyentlərə fərdi yanaşma tətbiq olunur və müalicə planı xəstəliyin mərhələsinə uyğun şəkildə hazırlanır. Burada nevroloji konsultasiya, diaqnostik müayinələr, dərman müalicəsinin tənzimlənməsi, fizioterapiya və reabilitasiya proqramları birgə həyata keçirilir.
Bakı Parkinson Mərkəzinin əsas məqsədi xəstələrin müstəqil həyat tərzini mümkün qədər uzun müddət qorumaq, simptomların idarə olunmasını təmin etmək və onların həyat keyfiyyətini artırmaqdır.
Parkinson xəstəliyinin qarşısını tam şəkildə almaq mümkün olmasa da, sağlam həyat tərzinə riayət etmək sinir sisteminin sağlamlığını qorumağa və xəstəlik riskini azaltmağa kömək edə bilər. Daimi fiziki aktivliklə məşğul olmaq, balanslı və vitaminlərlə zəngin qidalanmaq, keyfiyyətli yuxu rejiminə diqqət etmək, stressi düzgün idarə etmək, zərərli vərdişlərdən uzaq durmaq və müntəzəm tibbi müayinələrdən keçmək sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Parkinson xəstəliyinin erkən mərhələdə aşkarlanması müalicənin daha effektiv planlaşdırılmasına imkan verir. Hərəkətlərdə ləngimə, titrəmə, tarazlıq problemləri və ya digər nevroloji əlamətlər müşahidə edildikdə, vaxt itirmədən mütəxəssisə müraciət etmək vacibdir.
Məlhəm Beynəlxalq Hospitalda təcrübəli nevroloqlar və müasir tibbi avadanlıqlar vasitəsilə Parkinson xəstələrinin diaqnostikası, müalicəsi və reabilitasiyası beynəlxalq tibbi standartlara uyğun şəkildə həyata keçirilir. Pasiyentlərə fərdi yanaşma əsasında hazırlanmış müalicə planları təqdim olunur və xəstəliyin idarə olunması üçün kompleks tibbi dəstək göstərilir.
Əlaqədar həkimlər
Uzm.Dr. Teyyub Həsənov
Neyrocərrah
